Kəngərli rayonunun tibb işçiləri vaksinasiyaya cəlb ediliblər
Kəngərli, 12 fevral, AZƏRTAC
Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Şöbəsinin, rayonun kənd həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin tibb işçiləri vaksinasiyaya cəlb ediliblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonda 142 tibb işçisinə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “CoronaVac” vaksini vurulub. Vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.
Qeyd edək ki, vaksinasiya prosesi muxtar respublikanın bütün rayon, şəhər tibb müəssisələrində iki mərhələdə aparılacaq. Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılmasıdır.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində həyata keçirilən tədbirlər davam etdirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir.