Keniya portalı: “Ermənistan Azərbaycana qarşı hərbi hücumlara başlamaqla atəşkəs rejimini kobudcasına pozur”
Bakı, 16 iyul, AZƏRTAC
Keniyanın “Daily Reporter” informasiya portalında “Ermənistan Azərbaycana qarşı hərbi hücumlara başlamaqla atəşkəs rejimini kobudcasına pozur” başlıqlı məqalə dərc edilib.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, yazıda Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı 13 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş ölkənin Təhlükəsizlik Şurasının iclası və Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin AZƏRTAC-a açıqlamasına geniş yer ayrılır.
Məlumatda qeyd olunur ki, cari ilin iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Son illərdə atəşkəs rejiminin ən şiddətli şəkildə pozulması olan yeni hərbi əməliyyatın məqsədinin Azərbaycan ərazisində strateji mövqeləri tutmaqdan ibarət olduğu aydın görünməyə başladı. Ermənistan ordusunun, eyni zamanda, dinc əhalinin yaşayış yerlərini atəşə tutması səbəbindən vəziyyətin daha da gərginləşəcəyi riski yaranmışdır.
Yazıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sitat gətirilir: “Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.
Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətini ifşa edən yazıda qeyd olunur ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün beynəlxalq ictimaiyyətdən kömək xahiş edən Ermənistan digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqeləri zəbt etmək istəyir, mülki əhalini, kəndləri atəşə tutur.
Keniya Respublikasının “Daily Reporter” mediası Azərbaycan Prezidentinin həmin iclasdakı çıxışının vacib məqamlarına xüsusi diqqət ayırır:
- Ermənistanın bu hücumunun məqsədi Azərbaycanın ərazi bütövlüyünü pozmaq, hərbi mövqeləri ələ keçirmək, mülki şəxslərə və kəndlərə atəş açmaqla Azərbaycanı döyüşə təhrik etməkdir. Bu təhlükəli siyasət Ermənistanı “uçuruma” aparır.
- Ermənistanın çirkin və məkrli siyasətin və əməllərin bütün məsuliyyəti bu ölkənin hərbi-siyasi rəhbərliyi üzərinə düşür.
Yazıda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və Azərbaycanın öz ərazi bütövlüyünü və sərhədlərini bundan sonra da qoruyacağı vurğulanır.
Məqalədə Hikmət Hacıyevin AZƏRTAC-a verdiyi açıqlamasına istinad edilərək qeyd olunur ki, Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.
Qəsdən mülki insanların hədəfə alınmasını sistematik şəkildə davam etdirən Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.
Yeni koronavirus pandemiyasının yayılması ilə qlobal səviyyədə mübarizənin aparıldığı xatırlanaraq, yazının müəllifi Hikmət Hacıyevin nöqteyi-nəzərini Keniya ictimaiyyətinin diqqətinə çatdırır: “...bu hücum və təxribat əməli, eyni zamanda, Ermənistanın davamlı olaraq atəşkəsi pozması yolu ilə Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVID-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır”.
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymayan Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib.
Həmçinin vurğulanır ki, Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.
Yazıda qeyd olunur ki, Hikmət Hacıyev beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağıraraq, yaranmış vəziyyətə görə məsuliyyətin tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.
Yazının sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ümumi məlumat verilir. Qeyd edilir ki, bu münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Avropa parlamenti, habelə digər mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Məqalədə, həmçinin Ermənistan silahlı bölmələrinin hədəfə aldığı mülki əhalinin yaşadığı evlər və onların törətdiyi vəhşiliyi əks etdirən fotomaterial da yayımlanıb.