Kitabxanada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil edilib
Bakı, 29 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanları və bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq ötən əsrin ikinci onilliyində ermənilərin Bakı, Quba, Şamaxı, Qarabağ və Naxçıvanda azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında geniş məlumat verib, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün elan edildiyini vurğulayıb.
Tədbirdə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyası və Yasamal rayon 53 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Müəllim və şagirdlərin ifasında şeirlər səslənib və səhnəciklər göstərilib.
Kitabxanada, həmçinin soyqırımına həsr edilmiş kitab sərgisi nümayiş olunub.