“Kitabxanalar virtual məkanda” layihəsinə başlanılıb
Bakı, 15 aprel, AZƏRTAC
Ölkə başçısının 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Kitabxanalar virtual məkanda” layihəsi əsasında könüllülər qrupu ilə ilk virtual təlimə başlayıb.
AZƏRTAC xəbər verir ki, təlim zamanı gənclər “ZOOM” və “Microsoft Teams” proqramlarından istifadə qaydaları, proqramların yüklənməsi və qeydiyyata alınması, online tədbirlərin keçirilməsi üsulları, eləcə də kitabxananın elektron resursları haqqında məlumatlandırılıb.
Eyni zamanda, gənclərə kitabxananın “Kitabxanalar virtual məkanda” layihəsi əsasında hazırlayıb çap etdirdiyi “Kitabxana-informasiya sistemləri”, “Kitabxanalarda internet forumların keçirilməsinin metodikası”, “Elektron kitabxanalar” və “Şəhər əhalisinə kitabxana-informasiya xidmətinin təşkili” adlanan tədris və metodiki vəsaitlər barədə də məlumat verilib.
Əsas məqsəd kitabxanaların virtual məkanda rəngarəng fəaliyyətinin təşviq olunması və istiqamətləndirilməsi işində kitabxananın könüllülər qrupunun imkanlarından istifadə etmək, kitabxana fəaliyyətinə könüllülərin cəlb olunmasını, eləcə də yeni metod və üsulların kitabxana təcrübəsinə tətbiqinə nali olmaq və kitabxana-informasiya fəaliyyətinin virtual məkanda keyfiyyətini yüksəltməkdir.