KİV məhsulları və kitab idxalına, satışına görə ƏDV tətbiqinin ləğvi necə tənzimlənir?
Bakı, 4 iyun, AZƏRTAC
Vergi Məcəlləsində 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə idxalı və satışı ƏDV-dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib. Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-dən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergiödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilib.
Qeyd olunanlara əsasən, 2022-ci il yanvarın 1-dən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergiödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda, müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergiödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.