Kiyev ilə Brüssel arasında 5,27 milyard dollarlıq maliyyə sazişi imzalanıb
Kiyev, 9 iyul, AZƏRTAC
Ukrayna Avropa İttifaqı (Aİ) ilə növbəti dörd il ərzində “Ukraine Facility” proqramı çərçivəsində 5,27 milyard avro məbləğində qrant yardımının alınmasını tənzimləyən maliyyə sazişi imzalayıb.
AZƏRTAC bu barədə Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Ukrayna tərəfindən sənədi Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko imzalayıb.
Onun sözlərinə görə, bu, Ukrayna ilə Aİ arasında son razılaşmadır və “Ukraine Facility” proqramının tam işə başlaması üçün zəruridir.
Proqramın birinci komponenti üzrə büdcə dəstəyi kredit və qrant vəsaitləri daxil olmaqla, ümumilikdə 38,27 milyard avro təşkil edir. Proqram, habelə göstəricilərin yerinə yetirilməsi üzrə rüblük cədvələ uyğun olaraq tranşların alınmasını nəzərdə tutur. 2024-cü ildə Ukrayna 16 milyard avro dəstək alacağını gözləyir ki, bunun da 3 milyard avrosu qrant yardımı olacaq.
Xatırladaq ki, 2024-cü ilin fevralında Avropa Parlamenti “Ukraine Facility” proqramının reqlamentini təsdiqləyib. Aİ-nin Ukraynaya 50 milyard avro dəyərində dəstək proqramı 2024-2027-ci illər üçün nəzərdə tutulub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev