KİYEVDƏ AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN YUBİLEYİ GENİŞ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 24-də axşam Azərbaycanın Ukraynadakı səfirliyi və ölkəmizin Silahlı Qüvvələrinin hərbi attaşesi, polkovnik Tofiq Qasımov Kiyevin “Mlın” (“Dəyirman”) restoranında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubileyinə həsr olunmuş təntənəli qəbul təşkil etmişlər.
Yubiley gecəsinə Ukrayna hakimiyyətinin bütün qollarının, diplomatik korpusun, Kiyev Hərbi Attaşelər Assosiasiyasının, Ukrayna ictimaiyyətinin nümayəndələri, diasporumuzun üzvləri və başqaları dəvət olunmuşdu.
Azərbaycanın səfiri Tələt Əliyev və polkovnik Tofiq Qasımov Azərbaycan Silahlı Qüvvələrinin tarixindən danışmışlar. Xüsusi vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra hərbi quruculuq sistemində dünya standartlarına uyğun əsaslı islahatlar aparılmışdır. Natiqlər dahi liderin hər bir suveren və müstəqil dövlətdə bütün peşələr şərəflidir, ancaq Vətənin müdafiəçisi peşəsi daha şərəflidir sözlərini xatırlatmışlar.
Bildirilmişdir ki, hazırda hərbi quruculuq siyasətini ümummilli liderin layiqli davamçısı, Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı respublika Silahlı Qüvvələrinə böyük diqqət və qayğı göstərir.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan rəhbərliyi ölkəmizin başlıca problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc, diplomatik yolla həll etməyə səy göstərir. Buna baxmayaraq, Silahlı Qüvvələrimiz tarixi ədaləti, Vətənimizin ərazi bütövlüyünü başqa yolla da bərpa etməyə həmişə hazırdır. Natiqlər bütün mədəni dünya birliyi kimi, rəsmi Kiyevin, qardaş Ukrayna xalqının da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəkləməsini xüsusi vurğulamışlar. Ukraynanın BMT Baş Məclisinin sonuncu sessiyasında Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən Qətnaməyə səs verməsi bunu bir daha təsdiq etmişdir.
Tədbir Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” yaradıcı kollektivinin konsert proqramı və bayram atəşfəşanlığı ilə başa çatmışdır.