Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının iclası keçirilib
Kiyev, 21 noyabr, AZƏRTAC
Noyabrın 19-20-də Kiyevdə, GUAM-ın Katibliyində bu qurumun Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) iclası keçirilib. Bu barədə AZƏRTAC-a GUAM-ın mənzil-qərargahından məlumat veriblər.
Tədbirdə Azərbaycanı Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik idarəsinin rəisi Tofiq Musayev təmsil edib.
İclasda GUAM-ın baş katibi Valeri Çeçelaşvili sədrlik edib.
İclas iştirakçıları “GUAM məkanında uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri” adlı qətnamə layihəsinin BMT Baş Assambleyasının cari sessiyasınin gedişində irəli surulməsi üçün tərəfdaşlarla keçirilən məsləhətləşmələrin yekunlarını dinləyiblər və bu istiqamətdə işi davam etdirməyi tövsiyə ediblər.
MƏŞ GUAM PA-nın nümayəndə heyətinin bu il noyabrın 1-də Azərbaycanda parlament seçkilərinin gedişatını müşahidə etməsini alqışlayıb.
Tərəflər GUAM PA-nın növbəti plenar iclasının bu il dekabrın 11-12-də keçirilməsi ideyasını dəstəkləyiblər, Plenar iclas ərəfəsində GUAM PA-nın müvafiq profil komitələrinin iclaslarını keçirməyi tövsiyə ediblər.
İclasda qurumun sahə əməkdaşlığının kompleks məsələləri, o cümlədən iqtisadiyyat, ticarət və nəqliyyat, habelə insan alveri nə qarşı mübarizə sahələrində kompleks əməkdaşlıq məsələlərini müzakirə ediblər.
MƏŞ noyabrın 19-da GUAM-ın Katibliyində “GUAM-Tranzit-2” ixtisaslaşdırılmış konfransının keçirilməsini bəyənib, GUAM-ın nəqliyyat dəhlizinin rəqabətədavamlılığının artırılması üçün beynəlxalq Transxəzər nəqliyyat marşrutu ilə işləməyi tövsiyə edib.
GUAM-ın digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri də nəzərdən keçirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev