Kiyevdə Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası təşkil edilib
Kiyev, 9 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Ukraynanın paytaxtı Kiyevdə təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivləri, diaspor fəalları Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Sonra Kiyevdə Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib. Səfirliyimizin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, Kiyev şəhər Şurasının deputatları, Kiyev şəhər Meriyasının rəsmiləri də iştirak ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. “Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb”, - deyə səfir bildirib.
Kiyev Şəhər Şurasının deputatı Miroslava Smirnova AZƏRTAC-a açıqlamasında Azərbaycandan gələn dəstəyə görə təşəkkürünü bildirib.
“Həmişə yaxşı, müsbət münasibətlərə, daimi dəstəyə görə Azərbaycan dövlətinə minnətdaram. Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən Kiyevin ətraf mühiti həqiqətən pisləşib. Biz tez-tez Dnepr çayı üzərindən uçan dronları görürük və onlar vurulur, buna görə də ekoloji vəziyyət bir az çətindir. Bu cür aksiyaların keçirilməsi olduqca önəmlidir. Biz azərbaycanlı dostlarımızla birlikdə ətraf mühiti yaxşılaşdırırıq və şəhərimizdən zövq alacağıq”, - deyə Miroslava Smirnova əlavə edib.
Kiyev Şəhər Dövlət Administrasiyasının Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyinə Uyğunlaşma Departamentinin rəhbəri Pavel İvanov isə AZƏRTAC-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlətinin Kiyevdə ağacəkmə aksiyaları keçirməsi gözəl bir ənənəyə çevrilib.
"Dnepr sahilində yerləşən parkda azərbaycanlı dostlarımızla birlikdə hər il yaxşı bir ənənəyə şahidlik edirik. Bugünkü aksiya da təsadüfi deyil, bu, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin doğum gününə həsr olunub və ağaclar Dnepr sahilinə gözəllik verəcək", - deyə Pavel İvanov əlavə edib.
Qeyd edək ki, bu, Kiyevin Dnepr çayının sağ sahilində salınan xiyabanda sayca dördüncü ağacəkmə aksiyasıdır.