Pedaqoji Universitetlə Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Görüşdə Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov, Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən dosent Zaur İmrani, ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, ümumi işlər üzrə prorektoru Tural Cəlilov, Tarix və coğrafiya fakültəsinin dekanı dosent Asif Axundov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev, Ümumi coğrafiya kafedrasının müdiri professor Məhəmməd Abduyev, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Sona İmanova, eləcə də Coğrafiya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun müdiri Elnur Səfərov, Tədris şöbəsinin müdiri Müseyib Yunusov, İnzibati şöbəsinin müdiri Həmdulla Əliyev və Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektorunun müdiri Sərxan Cəfərov iştirak ediblər.
Görüşdə ADPU-nun Tarix və coğrafiya fakültəsinin Coğrafiya İnstitutu ilə mövcud elmi-pedaqoji əlaqələrinə toxunularaq, bu əlaqələrin daha da inkişaf etdirilməsi və qurumlararası əlaqələrin institusional səviyyəyə qaldırılması üçün anlaşma memorandumunun imzalanması haqqında qərar qəbul edildiyi bildirilib.
Daha sonra tərəflər arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqatlar, akademik və tələbə mübadiləsi, təcrübə proqramları, elmi seminar, konfrans və simpoziumların, həmçinin təlimlər və ömürboyu tədris proqramlarının, eləcə də ətraf mühitin idarə edilməsi üzrə birgə tədbirlərin təşkili, innovativ tədris və idarəetmə təcrübələrinin bölüşülməsi, elmi-metodik bilik mübadiləsinin aparılması və digər ikitərəfli maraq kəsb edən sahələr üzrə fəaliyyətləri nəzərdə tutan anlaşma memorandumu imzalanıb.