Elmi-praktik konfrans: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.
Konfransda çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik fəlsəfəsi bu gün də ölkənin siyasi inkişaf strategiyasının əsasını təşkil edir.
Rektor vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz regionun aparıcı dövlətinə çevrilib, milli maraqlara əsaslanan inkişaf modeli beynəlxalq səviyyədə yüksək qiymətləndirilib. Ümummilli Liderin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir.
Daha sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının formalaşdırılması və milli həmrəyliyin təmin olunması istiqamətində həyata keçirdiyi mühüm fəaliyyətdən bəhs edib. O qeyd edib ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycanın davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Konfransda Beynəlxalq münasibətlər kafedrasının professoru Elçin Əhmədov Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsas prinsipləri, milli maraqlara söykənən idarəçilik modeli və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət barədə məruzə ilə çıxış edib.
Tədbirdə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik ideyaları Azərbaycan xalqının milli inkişaf yolunda mühüm ideoloji əsas olaraq qalır.
Sonda konfrans iştirakçıları tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb, Heydər Əliyevin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi qeyd olunub.
Rektor akademik Urxan Ələkbərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada mövqeyini daha da gücləndirib, siyasi sabitlik, iqtisadi inkişaf və milli həmrəylik sahəsində mühüm nailiyyətlər əldə edib.