“Neftçi” basketbol klubunda baş məşqçi dəyişikliyi ola bilər
Bakı, 8 may, AZƏRTAC
Aparıcı oyunçuların ciddi zədə almaları bu mövsüm planlarımıza mənfi təsir göstərdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi” İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov basketbol komandasının mövsüm ərzindəki çıxışını dəyərləndirərkən deyib.
O, komandanın həm ölkədaxili yarışlarda, həm də avrokuboklarda rəqabətədavamlı çıxış etdiyini bildirib: “Bu mövsüm komandamız avrokuboklarda iştirak etdi və düşünürəm ki, müəyyən dövrlərdə yaxşı oyun nümayiş etdirdik. Heyətimiz kifayət qədər keyfiyyətli basketbolçulardan formalaşdırılmışdı. Qarşımıza yüksək hədəflər qoymuşduq. Lakin mövsüm ərzində ciddi zədə problemləri ilə üzləşdik. Bir neçə aparıcı oyunçunun sıradan çıxması planlarımıza ciddi təsir göstərdi. Zədələrlə bağlı üç basketbolçu ilə yollarımızı ayırmalı olduq. Mövsümün sonlarına yaxın isə daha iki oyunçumuz ağır zədə aldı. Bu vəziyyət komandanın oyun ritminə və nəticələrinə təsirsiz ötüşmədi. Əlbəttə, boşluqları doldurmaq üçün yeni oyunçulara şans verməyə çalışdıq. Lakin qısa vaxt ərzində tam istədiyimiz oyunu formalaşdırmaq mümkün olmadı”.
Sadıq Sadıqov baş məşqçi məsələsinə də toxunub: “Baş məşqçi ilə bağlı yekun qərar hələ verilməyib. Hazırda komandaya müvəqqəti olaraq Daviti Çivçivadze rəhbərlik edir. O, perspektivli mütəxəssisdir. Amma qarşıdakı mövsüm üçün hədəflərimiz daha böyükdür. Avrokuboklarda uğurlu çıxış etmək və ölkə daxilində daha iddialı komanda formalaşdırmaq istəyirik. Bu baxımdan, beynəlxalq təcrübəyə malik baş məşqçi məsələsi gündəmdədir”.
Klub rəsmisi növbəti mövsüm heyətin daha da gücləndiriləcəyini vurğulayıb: “Yeni mövsüm üçün daha güclü kollektiv formalaşdırmaq niyyətindəyik. Məqsədimiz həm ölkə daxilində, həm də avrokuboklarda uğurlu nəticələr qazanmaqdır”.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində "Abşeron Lions"a uduzaraq mübarizəni dayandırıb.