Kiyevə yenidən hücum mümkündürmü? – AZƏRTAC-ın XÜSUSİ REPORTAJI
Kiyev, 5 fevral, AZƏRTAC
Ukraynanın informasiya müstəvisində Rusiyanın mümkün hücumları barədə söhbətlər səngimək bilmir. Xüsusilə, Rusiya ordusunun paytaxt Kiyevə növbəti hücum planı gündəmə gəlib.
Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko son açıqlamasında rusların bu il əks-hücum keçməyə çalışacağını istisna etməyib. Söhbət həm cənub istiqamətindən, həm də yenidən Kiyevə girmək cəhdindən gedir.
Kiyevə ilk hücum zamanı ən çox ağır döyüşlər gedən bölgə vilayətin İrpen şəhəri idi. İrpen Kiyevin müdafiə qalası hesab edilir. Ona görə də Rusiyanın Kiyevə ikinci hücum cəhdi olarsa, öncə ağır döyüşlərin İrpendə gedəcəyi qaçılmazdır.
İrpen şəhər meri Oleksandr Markuşin AZƏRTAC-a açıqlamasında bildirib ki, yenidən hücum cəhdi olarsa İrpen Kiyevin müdafiə qalasına çevriləcək.

“İndi çox söz-söhbət gedir: paytaxtımız Kiyevə ikinci hücum olacaq, ya yox? Hücum olarsa, o zaman İrpen şəhəri yenidən silaha sarılmağa və həm doğma şəhərini, həm də Ukraynanın paytaxtını müdafiə etməyə hazır olacaq. Bu gün də bizim müdafiə üçün silahlı qüvvələrimiz var, bölməmiz fasiləsiz işləyir, təlimlər keçirir, istehkamlar qurulur. Hücum olarsa, təbii ki, o vaxt və indi olduğu kimi, biz heç yerə getməyəcəyik, yalnız döyüşəcəyik. Biz Ukraynanın bir metr torpağını düşmənə verməyəcəyik”, - deyə Oleksandr Markuşin əlavə edib.
Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin sədri, hərbi ekspert Sergey Kuzan isə AZƏRTAC-a açıqlamasında deyib ki, Kiyevə yenidən hücum cəhdi olarsa, Rusiya ordusu daha çox itkilər verəcək.

“Hesab edirəm ki, Rusiyanın Kiyevi və ya Xarkovu təhdid edə biləcək canlı qüvvə yaratmaq üçün kifayət qədər gücü yoxdur. Ona görə də indi və yaxın bir ayda düşmən belə bir canlı qüvvə toplaya bilməyəcək. Bunu nəzərə alsaq, Kiyevi heç nə təhdid edə bilməz.
Əgər düşmən Kiyevə hücum əməliyyatları planlaşdırmağı düşünürsə, o zaman bu, müəyyən dərəcədə bizim xeyrimizə ola bilər. Çünki şimal sərhədlərimiz Rusiya ordusunun hücum hərəkətləri üçün əlverişsizdir və artıq orada istehkam xətləri tikilib. Rusiya belə bir cəhd etsə, onları daha əlverişli mövqelərdə qarşılaya bilərik.
Ukrayna indi müdafiədədir. Təyyarələr və əlavə silahlar gözləyirik. Rusiya isə əksinə hücum mərhələsindədir. Onların hücum potensialı təxminən ay yarım ərzində tükənməlidir. Bundan sonra müəyyən tarazlıq vəziyyəti yaranacaq və o zaman yay aylarında daha aktiv hərəkətlərimizi planlaşdırmaq mümkün olacaq”, - deyə hərbi ekspert vurğulayıb.
Kiyev