Klassik ədəbiyyatda şəhər mühiti: keçmişdən gələcəyə inkişaf dinamikası
Bakı, 22 may, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində çərçivəsində növbəti elmi seminar məşğələsi keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ekspozisiya şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Tomiris Babanlı qədim Azərbaycan şəhərlərinin memarlıq, şəhərsalma strukturu, tarixi-mədəni tərəqqi dövrləri haqqında ətraflı məruzə edib. Bildirilib ki, Ədəbiyyat Muzeyində qorunan eksponatlar maddi sübut olmaqla yanaşı, xalqımızın milli mədəniyyətini nəsildən-nəslə ötürən əsas mənbələrdir. Onların vasitəsilə tarixi köklər üzərində inkişaf edən Azərbaycan şəhərlərinin keçmişdən gələcəyə uzanan inkişaf dinamikasını izləmək mümkündür.
O qeyd edib ki, XII yüzildə "qızıl əsr"ini yaşayan ədəbiyyatımızın görkəmli nümayəndələri Məhsəti Gəncəvi, Xaqani Şirvani və Nizami Gəncəvi kimi klassik şairlərin əsərlərində dövrün şəhər mühiti, sosial münasibətləri və estetik dünyagörüşü təqdim olunur, şəhərlərin bazar həyatı, saray mədəniyyəti, elm və sənət mühitinin təsvirləri geniş yer tutur.
Bildirilib ki, şəhər qalaları, məscidlər, karvansaralar orta əsr şəhər həyatının ayrılmaz hissəsi kimi yalnız funksional deyil, həm də estetik baxımdan zəngin olub. Məruzəçi qeyd edib ki, Ədəbiyyat Muzeyinin ekspozisiyası orta əsr Azərbaycan şəhərlərinin mədəniyyətini kompleks şəkildə əks etdirir. Burada ədəbiyyat, incəsənət, sənətkarlıq və memarlıq bir-biri ilə qarşılıqlı əlaqədə təqdim olunur və bütöv bir mədəni sistem kimi dərk edilir.
Təhlil və fikirlərini Tomiris Babanlı seminar məşğələsində nümayiş olunan videoçarxla Gəncə, Şamaxı, Təbriz, Ərdəbil şəhərlərinin timsalında təqdim edib.