KOB inkişaf mərkəzləri ilə görüş keçirilib
Bakı, 6 iyun, AZƏRTAC
Sahibkarların bilik və bacarıqlarının müasir çağırışlar və ehtiyaclar nəzərə alınmaqla inkişaf etdirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti KOB inkişaf mərkəzləri ilə görüşüb. Hibrid formatda təşkil olunmuş görüşdə ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin (KOBİM-lər) nümayəndələri iştirak ediblər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların maarifləndirilməsinin, bilik və bacarıqlarının artırılmasının prioritet istiqamətlərdən olduğunu deyib. Qeyd olunub ki, KOB-ların bilik və bacarıqlarının artırılması istiqamətində siyasətin əsas məqsədi sahibkarların strateji hədəflərinə uyğun ehtiyaclarını müəyyənləşdirərək onların bilik və bacarıqlarının sistemli şəkildə yenilənməsini və fəaliyyət istiqamətlərinə uyğun praktiki səriştələr qazanmalarını təmin etməkdir. Sahibkarların bilik və bacarıqlarının artırılmasına özəl sektorun cəlbi beynəlxalq təcrübədə geniş tətbiq olunur. KOBİM-lər də müxtəlif operator şirkətlər tərəfindən idarə edilir. 2021-2022-ci illərdə KOBİM-lər tərəfindən 1883 təlim təşkil olunub ki, bundan təqribən 24 min KOB subyekti yararlanıb, 4 min KOB subyektinin faydalandığı 20 min saat məsləhət xidməti göstərilib. KOBİM-lərin dəstəyi ilə yeni bizneslərin qurulmasını və mövcud bizneslərin inkişafını nəzərdə tutulan 500-ə yaxın biznes plan hazırlanıb, 100 yeni KOB subyekti yaradılıb.
Görüşdə KOBİM-lərin fəaliyyəti, göstərdikləri dəstək və xidmətlər, fəaliyyətlərinin daha səmərəli və nəticəyönümlü təşkili ilə bağlı müzakirələr aparılıb, KOBİM-lərin təklifləri dinlənilib.