KOBİA İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına qatılıb
Bakı, 6 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Azərbaycan nümayəndə heyətinin tərkibində Misirin Şarm Əl-Şeyx şəhərində İslam İnkişaf Bankı Qrupunun (İİBQ) ənənəvi 47-ci İllik Toplantısında və tədbir çərçivəsində keçirilən İİBQ-nin Özəl Sektor üzrə Forumunda iştirak ediblər.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, işgüzar səfər çərçivəsində agentliyin nümayəndələri İİBQ-nin, Səudiyyə Ərəbistanının, Misir, Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumları ilə bir sıra görüşlər keçiriblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Badr Albadr arasında keçirilmiş görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanında biznes və investisiyaların gələcək perspektivlərinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
Türkiyənin xəzinə və maliyyə naziri Nureddin Nebati ilə görüşdə investisiya qoyuluşu və birgə əməkdaşlıq imkanları, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.
Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Tarek Şaş və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə bu ilin əvvəlində tərəflər arasında imzalanmış anlaşma memorandumdan irəli gələn məsələlər, o cümlədən startaplar və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili məsələləri müzakirə olunub.
Orxan Məmmədov Türkiyə Katılım Bankları Birliyinin prezidenti Osman Çelik və “Halkbank”ın baş icraçı direktoru Osman Arslan, Qırğızıstanın “Ayıl Bank”ın sədr müavini Maksat Erjanov və İslam Maliyyə Fondunun idarəedici direktoru T.L.Kərimbayev, İslam İnkişaf Bankı Qrupunun İqtisadiyyatın Gücləndirilməsi Fondunun direktoru Nabil Ghalleb, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru Ayman Sejiny və Qazaxıstanın “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin İdarə Heyətinin sədri Yernur Rusmaqambetov ilə görüşüb. Görüşlərdə müvafiq olaraq alternativ maliyyələşmə, dövlət-özəl sektor tərəfdaşlığı sahəsində əməkdaşlıq və sair məsələlər müzakirə olunub.