KONDOLİZA RAYS: ABŞ AZƏRBAYCANI YAXIN DOST VƏ MÜTTƏFİQ HESAB EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Elizabet Cons, siyasi-hərbi məsələlər üzrə müavini Linkoln Blumfild, demokratiya, insan hüquqları və əmək üzrə müavini Maykl Kozak, beynəlxalq dini azadlıqlar üzrə səlahiyyətli səfir Con Hanfordla apardığı müzakirələrdə Elmar Məmmədyarov Azərbaycanda keçirilən siyasi və iqtisadi islahatlar, ölkəmizin NATO-ya və digər Avropa strukturlarına inteqrasiyası, insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində hökumətin atdığı addımlar haqda ətraflı məlumat vermişdir. Tərəflər ABŞ-Azərbaycan münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparmışdır.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri və Xəzər hövzəsi diplomatiyası üzrə müşavir Stiven Mənnlə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və bölgəmizdə həyata keçirilən energetika layihələri müzakirə edilmişdir.
Elmar Məmmədyarov ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Kondoliza Raysla da görüşmüşdür. Xanım Rays qlobal terrorla müharibədə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür etmişdir. Ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirən xanım Rays demişdir ki, Birləşmiş Ştatlar Azərbaycanı “yaxın dost və müttəfiq” hesab edir.
Elmar Məmmədyarov Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi-siyasi bölgədəki vəziyyətdən, ölkəmizdə həyata keçirilən islahatlardan söhbət açmışdır. Nazir bildirmişdir ki, Azərbaycanın ABŞ-la münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qalmaqdadır.
Tərəflər Xəzər hövzəsinin enerji ehtiyatlarının işlənilməsi və nəqli, ABŞ-ın Cənubi Qafqaz bölgəsindəki yardım proqramları, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri barədə də fikir mübadiləsi aparmışlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi danışıqların mövzularından biri idi. Kondoliza Rays vurğulamışdır ki, ABŞ məsələnin tezliklə sülh yolu ilə həllində maraqlıdır və bu istiqamətdə vasitəçi kimi münaqişənin aradan qaldırılması yollarının tapılması səylərini dəstəkləyəcəkdir.
Azərbaycanın xarici işlər naziri konqresmenlərlə - Cemys Gibbon və Nümayəndələr palatasının xarici əməliyyatlar üzrə yardımçı komitənin sədri Ceyms Kolbe ilə də görüşmüşdür. Amerika qanunvericiləri ilə müzakirələrdə Elmar Məmmədyarov Konqresin 2005-ci maliyyə ilində Azərbaycan və Ermənistana eyni miqdarda hərbi yardım ayrılması barədə qərarının ölkəmizdə birmənalı qarşılanmadığını vurğulamışdır. O demişdir ki, Azərbaycan antiterror müharibəsində ilk gündən ABŞ-a real dəstək nümayiş etdirdiyi halda, Konqres belə qərarları ilə ölkəmizin ictimayyətinə yanlış siyasi mesaj göndərir. Buna cavab olaraq konqresmenlər demişlər ki, Azərbaycanın məsələdəki mövqeyini həmkarları arasında yaymağa çalışacaqlar.
Elmar Məmmədyarov “Vaşinqton tayms” qəzetinin redaktorlar şurası ilə də görüşmüş, onların çoxsaylı suallarına cavab vermişdir.
ABŞ-Azərbaycan Ticarət Palatası ölkəmizin xarici işlər nazirinin şərəfinə ziyafət təşkil etmişdir. Ziyafətə Vaşinqtondakı diplomatik korpusun, ABŞ hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri gəlmişdilər.
Elmar Məmmədyarov iyulun 24-də Bakıya qayıdacaqdır.