KONDOLİZA RAYS MOSKVADAN İZAHAT XAHİŞ EDƏCƏK
AZƏRTAC xəbər verir ki, ABŞ dövlət katibi Kondoliza Rays En-Bi-Si teleşirkətinə müsahibəsində demişdir: “Əlbəttə, biz bu məsələni Rusiya hökuməti qarşısında qaldıracağıq. Biz sənədlərə çox diqqətlə baxmaq, sonra isə bu məsələni Rusiya hökuməti qarşısında qaldırmaq istəyirik”.
Amerika diplomatiyasının başçısı ümidvar olduğunu bildirmişdir ki, “Rusiya tərəfi buna ciddi yanaşacaqdır”.
Xatırladaq ki, bu günlərdə Pentaqon İraqda hərbi əməliyyatın birinci mərhələsinin yekunları barədə məruzə açıqlamışdır. Sənəddə deyilir ki, 2003-cü ilin martında Amerika qoşunlarının İraqa müdaxiləsi ərəfəsində Rusiyanın bu ölkədəki səfiri Bağdada ABŞ-ın qarşıdakı hərbi əməliyyatı barədə ətraflı məlumat vermişdir. Səfir İraqın sabiq rəhbərliyinə Fars körfəzində və İordaniyada cəmləşdirilmiş qoşunların tərkibi, əsgərlərin sayı, yerləri, qoşun növləri və hətta İraqa əsas zərbələrin istiqamətləri barədə də məlumat ötürmüşdür.
Rusiyanın Bağdadı məlumatlandırması haqqında bəyanat Pentaqonun məruzəsində yeganə bir sənədə - 2003-cü il aprelin 2-də İraq XİN-in Prezident Səddam Hüseynə göndərdiyi yazılı məlumata əsaslanır.
Rusiyanın BMT-dəki səfiri Andrey Denisov Nyu-Yorkda jurnalistlərə bildirmişdir ki, ABŞ qoşunlarının hərəkəti barədə Rusiyanın İraqa məlumatlar verdiyinə dair iddialar “daha çox fantastikaya oxşayır”.