KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ NÖVBƏTİ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Seminarın işində Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin, hakimi Qadis Hacıyev, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Xanlar Hacıyev, Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin əlaqələndiricisi Piter Kryuq, Çexiya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Stanislav Balik, Belçika Krallığının Arbitraj (Konstitusiya) Məhkəməsinin hakimi Jan-Pol Morman, Avropa Şurası Venesiya Komissiyası katibliyinin əməkdaşı Rudolf-Şnuts Dyurr, Azərbaycan Respublikası Prezidenti Administrasiyası hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin məsul əməkdaşları, Ali və Apellyasiya məhkəmələrinin, Ədliyyə Nazirliyinin, Vəkillər Kollegiyasının üzvləri, bir sıra rayon məhkəmələrinin sədr və hakimləri, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin və Amerika Hüquqşünaslar Assosiasiyasının nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev seminar iştirakçılarını salamlayaraq demişdir ki, müzakirəyə çıxarılan mövzu nəinki Azərbaycan Respublikasının, həmçinin bütün Avropanın konstitusiya mühakiməsi orqanları üçün böyük əhəmiyyətə malikdir. Son 50 il ərzində dünyada və xüsusilə Avropada gedən inteqrasiya prosesi iqtisadiyyatla yanaşı, hüquqa da böyük təsir göstərməkdədir. Belə ki, hüquqi inteqrasiya dövlətlərin bir-birinə müsbət cəhətdən təsir göstərməsinə şərait yaradır və bu təsir hüquq da daxil olmaqla cəmiyyətin bütün sahələrinin inkişafına təkan verir. Bu inkişafın və inteqrasiyanın ayrılmaz amillərindən biri odur ki, milli konstitusiya nəzarəti orqanları tərəfindən xarici konstitusiya məhkəmələrinin, habelə regional xarakterli beynəlxalq məhkəmələrin təcrübəsindən istifadə edilməsi icraatda olan məsələlərdə çıxış yolu tapmağa və ədalətli mövqe tutaraq qəbul olunan qərarı əsaslandırmağa kömək edir.
Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi X.Hacıyev təmsilçisi olduğu məhkəmənin presedentinə istinadla geniş məruzə etmişdir. Məruzəsinin sonunda o bildirmişdir ki, Azərbaycan Avropa Məhkəməsinin yurisdiksiyasını qəbul edib və bu, yaxın illərdə Azərbaycanın hüquq sistemində və məhkəmə təcrübəsində öz təsirini göstərəcəkdir. Konvensiyada təsbit edilmiş, Strasburq Məhkəməsinin qərarlarında inkişafda olan ideya və dəyərlər isə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi səviyyəsinin yüksəlməsinə təsir edəcəkdir.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin qərarlarının presedent xarakteri haqqında çıxış edən Valeri Zorkin demişdir ki, hazırda presedent haqqında aparılan elmi müzakirələrə baxmayaraq, Rusiya Federasiyasının məhkəmə praktikasında Avropa Məhkəməsinin qərarlarının həyata keçirilməsinə prinsipial maneələr yoxdur. Konstitusiya Məhkəməsi öz təcrübəsində qanunları və digər normativ aktları yoxlayarkən, həmçinin Konvensiyaya və Avropa Məhkəməsi tərəfindən onun şərhinə istinadən qərarlar qəbul edir və hüquqi mövqe müəyyənləşdirir.
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi konstitusiya nəzarəti orqanı kimi, Rusiyanın hüquqi sisteminin inkişafını, onun qanun yaradıcılığını və hüquqtətbiqedici praktikasını ümumilikdə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının müasir anlayışına uyğun olaraq istiqamətləndirir. Bununla da Konstitusiya Məhkəməsi bu Konvensiyaya əsaslanan vahid Avropa məkanının tərkib hissəsi olan Rusiya hüququnun təşəkkül tapmasında və möhkəmlənməsində mühüm rol oynayır.
Çexiya Respublikası Konstitusiya Məhkəməsinin hakimi Stanislav Balik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa Birliyi Məhkəməsinin təcrübəsinin roluna dair bəzi mülahizələrini diqqətə çatdırmışdır.
Seminarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin yerinə, konstitusiya hüququna aid bir sıra doktrinal suallara, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətində presedentin istifadəsinə və ABŞ-ın Ali Məhkəməsinin fəaliyyətində xarici məhkəmə təcrübəsinin tətbiq edilməsi barədə mülahizələrə, Konstitusiya Məhkəmələri üçün presedentin (mülki, xarici, beynəlxalq) dəyərinə və sair məsələlərə dair geniş müzakirələr aparılmışdır. Qonaqlar öz ölkələrinin bu sahədə olan təcrübəsini bölüşmüş, Azərbaycan hakimlərinin suallarını cavablandırmışlar. Ölkəmizin hakimləri presedentin Konstitusiya Məhkəməsinin, həmçinin ümumi yurisdiksiya məhkəmələrinin təcrübəsinə təsiri ilə bağlı öz fikirlərini diqqətə çatdırmışlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri, əməkdaşları, dəvət olunan digər şəxslər müzakirələrdə fəal iştirak etmişlər.