KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ HÜQUQ ƏDƏBİYYATI TƏQDİM EDİLMİŞDİR
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Konstitusiya Məhkəməsini dəstəkləmə” layihəsi çərçivəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə yaxından iş birliyi saxlayır. Bu yaxınlarda Cəmiyyət Konstitusiya Məhkəməsi üçün Moskvada rus dilində çap olunmuş 1000 nüsxəyə yaxın hüquq ədəbiyyatı gətirmişdir.
Fevralın 15-də Konstitusiya Məhkəməsinin konfrans salonunda həmin kitabların təqdim edilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimi məhkəmənin sədri Xanlar Hacıyev açaraq, “Konstitusiya Məhkəməsini dəstəkləmə” layihəsi çərçivəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə əlaqələrdən, Almaniya ekspertlərinin, Konstitusiya Məhkəməsi mütəxəssislərinin onlara yaxından köməyindən ətraflı danışdı. Birgə keçirilən seminarların, konfransların əhəmiyyətini vurğulayan sədr bildirdi ki, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimləri AFR-ə gedərək 7 gün müddətində Federal Konstitusiya Məhkəməsinin, eləcə də başqa hüquq təşkilatlarının işi ilə ətraflı tanış olmuş, alman həmkarları ilə geniş fikir mübadiləsi aparmışlar.
Hədiyyə üçün Cəmiyyətin rəhbərliyinə minnətdarlıq edən X.Hacıyev həmin kitabların dəyərini yüksək qiymətləndirdi.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Hüquqi islahatlarda əməkdaşlıq” və “Konstitusiya Məhkəməsini dəstəkləmə” layihələrinin Azərbaycandakı əlaqələndiricisi, hüquq məsləhətçisi Aydın Süleymanov kitabların siyahısını X.Hacıyevə və kitabxananın müdiri Sevinc Şükürovaya təqdim etdi.
Sonra mərasim iştirakçıları yeni kitablarla tanış oldular.