KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ MOSKVADA BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
Konfransın açılışında Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri S.Sobyanin Prezident Vladimir Putinin konfrans iştirakçılarına müraciətini oxumuşdur.
Avropanın ümumi hüquqi məkanı və konstitusiya ədalət mühakiməsinin təcrübəsi tədbirin əsas mövzusu olmaqla, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə milli məhkəmələr arasında mövcud əlaqələr, Avropa konstitusiya icraatının ümumi meyarları və konstitusiya nəzarəti orqanlarının fəaliyyətində müşahidə olunan yeni meyillər və digər aktual hüquqi məsələlər müzakirə edilmişdir.
“Avropa konvensiyasının tələblərini nəzərə almaqla, insan hüquq və azadlıqlarının Konstitusion müdafiəsi” mövzusunda məruzə ilə çıxış edən Fərhad Abdullayev Azərbaycanda formalaşmış Konstitusiya təcrübəsində beynəlxalq hüquq normalarının və məhkəmə presedentinin rolunu açıqlamış və son illər Avropa qitəsində inkişaf edən hüquqi inteqrasiyanın milli konstitusiya nəzarəti orqanlarının fəaliyyətinə təsir etməklə dövlətdaxili məhkəmə praktikasının daha da təkmilləşdirilməsinə töhfə verdiyini vurğulamışdır.
Konfransda bir sıra Avropa konstitusiya məhkəmələrinin rəhbərləri ilə görüşlər keçirilmiş, məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələr aparılmışdır.