“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” Proqramının açılış mərasimi olub VİDEO
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də könüllülük fəaliyyətinin inkişafına və gənc liderlərin formalaşdırılmasına töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən hazırlanmış “Könüllü Liderlərin İnkişaf Konsepsiyası” (KLİK) Proqramının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan açılış mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra proqramın təqdimat videoçarxı nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən AKTİ-nin sədri Vüqar Əliyev proqramın əsas məqsədləri, könüllülük fəaliyyətinin cəmiyyət üçün əhəmiyyəti və könüllü gənclərin liderlik bacarıqlarının inkişafındakı rolu barədə danışıb.
Rəsmi çıxışlar zamanı Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov və Milli Məclisin deputatı Vüqar İskəndərov proqramın könüllü gənclərin şəxsi və peşəkar inkişafında oynadığı mühüm roldan bəhs edərək, bu kimi təşəbbüslərin könüllülərin liderlik bacarıqlarının formalaşdırılması, ictimai fəallığının artırılması və gələcək fəaliyyətlərində uğurlu karyera istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Çıxışlarda, eyni zamanda, könüllülük fəaliyyətinin cəmiyyətin inkişafına verdiyi töhfə və könüllülərin gənclər siyasətindəki aktiv iştirakının önəmi qeyd olunub.
Daha sonra “KLİK iştirakçılarının proqramla bağlı təəssüratları” adlı videoçarx təqdim olunub.
Tədbir çərçivəsində proqram iştirakçıları Təranə Şahbazova və Elşən Soltanzadə çıxış edərək layihənin müsahibə və seçim mərhələsində qazandıqları təcrübə, eləcə də proqramın onlar üçün yaratdığı inkişaf imkanları barədə fikirlərini bölüşüblər.