KUBA AZƏRBAYCAN İLƏ İKİTƏRƏFLİ ƏLAQƏLƏRİN YÜKSƏK TEMPLƏ İNKİŞAFINDAN MƏMNUNDUR
AZƏRTAC xəbər verir ki, sentyabrın 2-də xarici işlər naziri Elmar Məmmədyarov Kuba Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Marsello Kabalyero Torres ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin yüksək templə inkişafından məmnunluğunu ifadə edən səfir M.Torres, Kubanın Bakıda səfirliyinin açılmasından ötən qısa müddətdə bir sıra işlərin görülməsini müsbət qiymətləndirmişdir.
Kubanın ölkəmizlə iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasında və qısa müddətdə konkret nəticələr əldə edilməsində maraqlı olduğunu diqqətə çatdıran qonaq, Azərbaycandan neft və ərzaq məhsulları idxalının təşkilinin əhəmiyyətini vurğulamışdır.
Nazir E.Məmmədyarov siyasi və iqtisadi sahələrdən əlavə, humanitar müstəvidə də əməkdaşlığın genişləndirilməsi, mədəniyyət günlərinin təşkili, hər iki ölkə ictimaiyyətinin qarşılıqlı məlumatlandırılması məsələlərinin zəruriliyini qeyd etmişdir.
Görüşdə xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə ediləcək məsələlər, diplomatik akademiyalar arasında təmasların qurulması və diplomatların təcrübə mübadiləsi məsələləri nəzərdən keçirilmişdir.
Səfir M.Torres etimadnaməsinin surətini nazirə təqdim etmişdir.