Kubok oyunlarında legioner limiti Premyer Liqaya uyğun olacaq
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Kubokunun oyunlarında legioner limiti Premyer Liqaya uyğun olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində məlumat verib. Elgiz Abbasov Azərbaycan Kubokunda iştirak edəcək komandalara uğurlar arzulayıb: “Bu il bizim üçün digər illərdən fərqlənir. Çünki yeni liqa yaradıldı və əvəzedicilərə l Liqa ayrıldı. Bizim verdiyimiz tapşırıqları iştirak edəcək komandaların rəhbərləri lazımi şəkildə yerinə yetirib. Bu il 34 komandanın iştirak etməsi PFL tarixində bir rekorddur. Azərbaycan Kubokunun qalibi Avropa Liqasında iştirak etmək hüququ qazanacaq. Kuboka start 18-19 noyabr tarixlərində veriləcək”.
O bildirib ki, ölkə kubokunda VAR sistemindən istifadə olunacaq. Ancaq bu, yalnız sistem quraşdırılan stadionlarda mümkün olacaq.
Daha sonra çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov isə bildirib ki, ölkə Kubokunun finalının harada keçiriləcəyi bilinmir.
Rəsmi çıxışlardan sonra püşkatma mərasimi keçirilib.