Kültəpə Naxçıvan Muxtar Respublikası ərazisində Neolit dövrünə aid nadir abidələrdən biridir
Babək, 24 avqust, AZƏRTAC
Dünya sivilizasiyasının ilkin dövrlərinin yadigarlarından olan I Kültəpə abidəsi Naxçıvan Muxtar Respublikasında aşkar olunan ən qədim yaşayış məskənlərindəndir. Belə ki, son dövrlərdə aparılan araşdırmalar nəticəsində Kültəpədə Neolit dövrünün sonunda, eramızdan əvvəl VII minilliyin sonundan başlayaraq yaşayışın olduğuna dair təkzibedilməz faktlar aşkarlanıb.
Məlumat üçün qeyd edək ki, Kültəpə abidəsi Babək rayonu ərazisində, Naxçıvan çayının sol sahilindəki eyniadlı kənddə yerləşir. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlayıb. 1951-1963-cü illərdə aparılan tədqiqatlar zamanı ilk qazıntı sahəsindən müxtəlif dövrlərə aid dörd mədəni təbəqə aşkar edilib. Əvvəlcə abidənin Neolit dövrünə aid olması ilə bağlı müxtəlif fikirlər səsləndirilib. Lakin sonralar tədqiqatçılar bunu inkar edərək abidənin Eneolit dövrünə aid olması ilə bağlı faktlar ortaya qoyublar.
Ümumiyyətlə, Kültəpə stratiqrafiyasına görə Eneolit, Erkən Tunc, Orta Tunc və Son Tunc dövrlərini əhatə edən çox nadir abidələrdən biridir. Lakin Kültəpənin Neolit dövrünə aidliyi mübahisəli olduğuna görə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin xüsusi arxeoloji ekspedisiyası, eyni zamanda Azərbaycan-Fransa arxeoloji ekspedisiyası məhz buranı tədqiqat obyekti seçib.
Kültəpədə tədqiqat işlərinə 2013-cü ildən başlanılıb və kəşfiyyat xarakterli araşdırmalar aparılıb. 2014-cü ildə də tədqiqat işləri davam etdirilib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, arxeoloji ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev deyir ki, Kültəpənin dövrümüzə gəlib çatan maddi-mədəniyyət qalıqları Son Neolit və Eneolit dövrlərinin əvvəllərini əhatə edir. Bəzi qisimlərdə Kür-Araz mədəniyyətinə aid maddi-mədəniyyət qalıqları da mövcuddur. İndiyə qədər burada aşkar olunan maddi-mədəniyyət nümunələrinin Azərbaycan arxeologiyası üçün aktual olaraq qalmasına baxmayaraq, yeni tədqiqatların da böyük əhəmiyyəti var. Çünki Sovetlər Birliyi dövründə aparılan tədqiqatlar kifayət etmədiyindən, fotoşəkillərin əksəriyyəti sıradan çıxdığına və ya itdiyinə görə yeni tədqiqatlara ehtiyac yaranıb. Ona görə də yenidən evlərin planının, abidənin stratiqrafiyasının yerində müəyyənləşdirilməsi və əhalinin həyat tərzi ilə bağlı yeni maddi-mədəniyyət nümunələrinin əldə edilməsi tariximiz üçün olduqca böyük əhəmiyyət daşıyır.
“Hazırda aparılan tədqiqatlar qədim dövrdə Kültəpə sakinlərinin, daha doğrusu, qəbilə, tayfa üzvlərinin böyük hasarlarla əhatə olunmuş kiçik evlərdə yaşadığını sübut edir”, - deyən Vəli müəllim diqqətə çatdırdı ki, bir həyətin içərisində bir neçə evin olduğu artıq arxeoloji qazıntılar zamanı təsbit edilib. Tədqiqatlar zamanı Son Neolit və Eneolit dövrlərinə aid qəbir abidələri, skelet qalıqları üzə çıxarılıb. Aşkarlanan nümunələr müasir texnologiya tətbiq edilməklə tədqiq olunur.
Vəli Baxşəliyev belə hesab edir ki, Kültəpə abidəsinin ətrafında aşkar olunan abidələr kompleks şəkildə Son Neolit və Eneolit dövrlərinin müxtəlif mərhələlərinin ardıcıl inkişafı haqqında məlumat verəcəkdir. Halbuki indiyə kimi Neolit, eyni zamanda Eneolit dövrlərinin müxtəlif dövrləri haqqında kifayət qədər məlumat yox idi. Burada tapılan Eneolit abidələri bu boşluğu doldurmağa imkan yaradacaq.
Tədqiqat yerində Fransa Milli Araşdırma Mərkəzinin elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Remi Berthonla da söhbət etdik. O dedi ki, Kültəpədə aparılan tədqiqatlar zamanı heyvan sümüklərinə rast gəlib. Bu, qədim insanların burada hansı heyvanlardan istifadə etdiyi dair məlumat toplamağa imkan verəcək. Maraqlıdır ki, Kültəpədə müxtəlif heyvanların sümükləri aşkar olunduğu halda, donuz sümüklərinə rast gəlinməyib. Bu isə belə deməyə əsas verir ki, Kültəpədəki yaşayış yerində donuz ətindən, ümumiyyətlə, istifadə edilməyib. Ehtimal olunur ki, heyvanlar hər il yaylaqlara aparılıb. Bu da onu göstərir ki, 8 min il bundan əvvəl insanlar yaylaqlardan istifadə etməyə başlayıblar.
Hazırda Duzdağ ərazisində də tədqiqat işləri davam edir. Duzdağda tədqiqat işləri 2006-cı ildən aparılır. Əvvəlki tədqiqat işlərində müəyyən nəticələr əldə olunub. Bu tədqiqatlar sübut edir ki, Eneolit dövründən başlayaraq Naxçıvanda mədənçilik mövcud olub, miladdan əvvəl 4-cü minillikdə bu, daha geniş miqyas alıb. Tədqiqatçılar Duzdağı dünyanın ən qədim duz çıxarılan mədənin yerləşdiyi ərazi hesab edirlər. Vəli Baxşəliyevin sözlərinə görə, hazırda Duzdağda qədim qalereyaların, mədənlərin strukturu, ən qədim mədənlərin forması, duz çıxarılmasında istifadə olunan texnika ilə bağlı məlumatların əldə edilməsi istiqamətində tədqiqat işləri aparılır. Artıq müəyyən nəticələr əldə edilib. Aparılan araşdırmalar göstərir ki, Eneolit dövrünün sonu, Erkən Tunc dövrünün əvvəllərindən başlayaraq qədim mədənçilər duzu açıq üsulla çıxarıblar. Əmək alətləri primitiv olduğu üçün duz laylarının yalnız yer səthinə yaxın hissələrindən istifadə olunub. Lakin sonradan əmək alətləri təkmilləşdikcə insanlar daha dərin quyular qazaraq duz çıxarıblar.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu