Kür çayında duzluluq norma daxilindədir
Bakı, 23 mart, AZƏRTAC
Mart ayının ikinci ongünlüyündə yağan yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
A.Verdiyevin sözlərinə görə, son günlər yağan yağıntılar Kür çayında sululuğun artmasına və nəticədə duzluluğun azalmasına səbəb olub: “Kürün aşağı axınında aparılan monitorinqlərin nəticələrinə görə, dünən olduğu kimi, bu gün də duzluluq norma daxilindədir. Bu da Kürdən keçən su həcminin xeyli artması ilə bağlıdır”.