“KÜR” OLİMPİYA İDMAN-TƏLİM KOMPLEKSİ İLƏ TANIŞLIQ
Burada dövlətimizin başçısını uşaq-gənclər idman məktəbinin avarçəkənləri səmimiyyətlə qarşıladılar.
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev məlumat verərək dedi ki, ərazisi 10 hektar olan bu kompleks keçmiş SSRİ məkanında idmanın bu növü üzrə yeganə mərkəz kimi fəaliyyət göstərmişdir. İlin bütün aylarında buraya digər respublikalardan idmançılar təlim-məşq toplantısına gəlirdilər. Onların burada məşq etməsi və yaşaması üçün hər cür şərait mövcud idi. Vaxtilə 25 olimpiya çempionu, 44 nəfər dünya və Avropa çempionu burada yetişmişdir. Sonralar bazanın yardımçı binalarında yüzdən çox məcburi köçkünün məskunlaşması bu obyektin fəaliyyətini dayandırmasına səbəb olmuşdu. Rusiyadan və Baltikyanı ölkələrdən dəfələrlə nümayəndələr buraya gələrək, mərkəzi icarəyə götürmək, onun fəaliyyətini bərpa etmək üçün müraciət etsələr də, bazada məcburi köçkünlərin yaşaması bu təkliflərin reallaşmasına imkan verməmişdir. İndi həmin ailələr yeni salınmış qəsəbəyə köçürülmüşlər. İndi bu mühüm idman obyektinin beynəlxalq standartlara uyğun yenidən qurulması üçün “Azərdövlətlayihə” institutu tərəfindən layihələr hazırlanmışdır. Gələcəkdə buradan turizm kompleksi kimi də istifadə etmək nəzərdə tutulur. Yeni layihəyə görə, üç mərhələdə 6 milyon dollar vəsait lazımdır. Burada təqribən 400 nəfəri qəbul etmək mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev həmin layihə və nəzərdə tutulan işlərin planı ilə tanış olaraq dedi ki, indiki şəraitdə idmançılar buraya gəlməzlər. Gələcəkdə Rusiyadan, Ukraynadan, Baltikyanı ölkələrdən, Avropadan və başqa yerlərdən gələ bilərlər. Vaxtilə Sovet İttifaqında da başqa belə bir yer yox idi, çünki bütün avarçəkmə kanalları qışda donurdu. İndi bunu bərpa etmək çətindir. Hər halda baxarıq.
Nazir Əbülfəz Qarayev Prezident İlham Əliyevə ümummilli liderimiz Heydər Əliyevin 1981-ci ildə avarçəkmə bazasında olduğu zaman çəkilmiş şəkilləri təqdim etdi.
Respublikamızın rəhbəri pilləkənlərlə Kürün sahilinə endi, ətrafı seyr etdi, avarçəkənlərin məşqlərinə baxdı.
X X X
Sonra Azərbaycan Prezidenti İlham Əliyev burada 1785-ci ildə əkilmiş qovaq ağacına tamaşa etdi. Hündürlüyü 30 metr, diametri 6 metrə yaxın olan bu təbiət möcüzəsi hamıda maraq doğurur.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ağacın önündə xatirə şəkli çəkdirdilər.