Kürdəmirdə təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi qeyd olunub
Kürdəmir, 27 mart, AZƏRTAC
Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən sənədlər və fotoşəkillərlə tanış olublar.
Tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrdəki fəaliyyətindən bəhs edən “Tarixin bir günü və ya bir günün tarixi” adlı sənədli film nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə təhlükəsizlik orqanlarının işçilərini təbrik edərək vurğulayıb ki, ötən əsrin 50-ci illərinin ikinci yarısından etibarən Azərbaycan təhlükəsizlik orqanlarında milli kadr potensialının gücləndirilməsinə başlanılıb. Bu isə ilk növbədə ümummilli lider Heydər Əliyevin o dövrdə təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə bağlıdır.
Qeyd olunub ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın müstəqilliyinə qarşı təhdidlər, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı, daxildə ictimai-siyasi sabitliyin pozulması və idarəetmədəki böhran ciddi problemlər yaradırdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə tarixi xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Bu missiyanın ən mühüm istiqamətlərdən biri də, şübhəsiz, dövlət təhlükəsizliyinin etibarlı təmin olunması, gənc, müstəqil dövlətimizə qarşı yönələn daxili və xarici təhdidlərin zərərsizləşdirilməsi idi.
Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz dövlətçilik ənənələrini daha da inkişaf etdirərək, etibarlı və təhlükəsiz gələcəyi üçün sarsılmaz təməl yaradıb. Prezident İlham Əliyevin imzaladığı 2015-ci il 14 dekabr tarixli Fərman ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.
Çıxışlarda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rayon şöbəsinin əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Sonda Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin bir qrup əməkdaşına Kürdəmir Rayon İcra hakimiyyətinin fəxri fərmanı və hədiyyələr verilib.