“KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNDƏ VƏRƏMLƏ BAĞLI PROBLEMLƏRİN İŞIQLANDIRILMASI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Tədbirdə vərəmlə mübarizə Milli Proqramının əlaqələndiricisi Svetlana Məmmədova xəstəlik haqqında ümumi məlumat verərək bildirmişdir ki, vərəmin mikobakteriyası 1882-ci il martın 24-də alman alimi Robert Kox tərəfindən aşkar edilmiş və buna görə o, Nobel mükafatına layiq görülmüşdür. Qeyd edilmişdir ki, vərəm ölümə səbəb olan ilk on xəstəlik arasındadır və statistikaya görə, dünyada hər il vərəmdən 2 milyon adam ölür. Cari il yanvarın 1-nə respublikamızda 6 min 501 xəstə qeydə alındığını söyləyən natiq, 2002-ci ildə Azərbaycanda vərəmə qarşı Dövlət Proqramının qəbul olunduğunu da diqqətə çatdırmışdır. S.Məmmədova xəstəliyin insandan-insana keçmə yollarından, müalicə üsullarından, həmçinin ölkəmizdə vərəmin qarşısının alınmasında görülən işlərdən danışmışdır.
İnformasiya fəaliyyəti üzrə məsləhətçi, Moldovadan gəlmiş İrina Zatuşevskaya vərəmlə mübarizə, onun profilaktikası, işıqlandırılması məsələsində kütləvi informasiya vasitələri nümayəndələrinin rolunu qeyd etmiş, məsləhətlərini vermişdir.
Tədbirdə vərəmlə bağlı film göstərilmiş, KİV nümayəndələrinin sualları cavablandırılmışdır.