İQTİSADİYYAT
Küveytdə “Bakutel” sərgisinə böyük maraq var
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Əli Abbasov Azərbaycan və Küveyt arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlığın davam etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Küveytin bu sahədə yüksək nailiyyətlər qazandığını bildirən nazir qonaqlara Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.
Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabah qeyd edib ki, Küveyt dövləti ölkəmizlə intensiv əlaqələrin qurulmasına xüsusi önəm verir. Küveytin İKT sahəsində strategiyasından söhbət açan qonaq əlaqələrin inkişafını təmin etmək üçün texniki qrup yaradılması təklifini irəli sürüb. Qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan küveytli nazir “Bakutel” sərgisinə böyük maraq göstərdiklərini, Küveytin İKT şirkətlərinin sayca 20-ci telekommunikasiya sərgisində təmsil olunmaq istəyini diqqətə çatdırıb.
Görüşdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.