KÜVEYTDƏ İSLAM İNKİŞAF BANKININ 31-Cİ İLLİK TOPLANTISI KEÇİRİLMİŞDİR
Toplantı ənənəvi olaraq, Qurandan ayə oxunması ilə başlanmışdır. Küveytin Əmiri Şeyx Əs-Sabah, İİB-in prezidenti doktor Əhməd Məhəmməd Əli, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu təbrik nitqi söyləmiş, sonra çıxışlar olmuşdur.
İİB-in ötən ilin martında keçirilən toplantısından sonra görülmüş işlər ətraflı müzakirə edilmiş, islam ölkələrinin iqtisadi əlaqələrinin möhkəmlənməsi, yoxsulluğun azaldılması, ayrı-ayrı ölkələrdə epidemiyaların qarşısının alınması, elmi-texniki tərəqqinin, müasir texnologiyaların tətbiqi, kənd təsərrüfatının inkişafı, özəl sektora yardım, iri layihələrə maliyyə köməyi göstərilməsi, təhsil, səhiyyə, sosial proqramların icrası, qloballaşma dövründə islam ölkələrinin inteqrasiyasının zəruriliyi, insan amilinə xüsusi diqqət göstərilməsi və digər məsələlər barəsində ətraflı müzakirələr aparılmışdır. İİB-in bu istiqamətlərdə fəaliyyəti konkret faktlarla açıqlanmış, yüksək qiymətləndirilmişdir.
Son 3 ildə bank kreditlərinin ən yüksək reytinqə nail olduğu vurğulanmışdır. Bildirilmişdir ki, son illərdə 316 layihəyə 4 milyard dinar vəsait ayrılmışdır.
Verilmiş qrantların məbləği 10 faiz artmışdır. Hazırda İİB-in ümumi kapitalının məbləği 6 milyard dinardır. Küveytdə keçirilən bu toplantı ərəfəsində Beynəlxalq İslam Maliyyə-Ticarət Korporasiyasının yaradılmasının quruma üzv olan dövlətlər arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi vurğulanmışdır.
Eyni zamanda, ötənilki toplantıda Türkiyə və Malayziyanın təşəbbüsü ilə qəbul edilmiş Afrika ölkələrində yaxın 10 ildə yoxsulluğun yarıbayarı azaldılması proqramının icrasına və İndoneziyada təbii fəlakətdən zərərçəkənlərə yardımın artırılmasına daimi dəstək verilməsinin zəruriliyi bildirilmişdir. Digər məsələlər barəsində də konkret tədbirlər müəyyən edilmişdir.
Rəsmi hissədən sonra Küveyt əmiri nümayəndə heyətlərinin rəhbərləri ilə şəxsən görüşmüş, toplantı iştirakçılarının şərəfinə Bayan qəsrində ziyafət vermişdir.
Toplantı 3 qrupda işini davam etdirmişdir.
Toplantının mayın 31-də keçiriləcək son iclasında Küveyt deklarasiyası imzalanacaqdır.
İİB-in illik toplantısında Azərbaycanı iqtisadi inkisaf naziri Heydər Babayevin başçılığı ilə nümayəndə heyəti təmsil edir.