“Laçın-Xankəndi yolu ətrafında yaranmış mübahisələr” adlı hesabat hazırlanıb
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ekspertləri Roza Bayramlı və Məryəm İsmayılova tərəfindən ingilis dilində hazırlanan “Laçın-Xankəndi yolu ətrafında yaranmış mübahisələr” adlı hesabatın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev belə hesabatların, araşdırmaların aparılmasının önəmini vurğulayıb.
Sonra ekspert Roza Bayramlı hesabat haqqında ümumi məlumat verib. Bildirib ki, hesabatın hazırlanmasının əsas məqsədi son 3 ildə Azərbaycanın Qarabağ bölgəsində baş vermiş hadisələri ümumiləşdirərək xarici auditoriyaya çatdırmaqdır. Qeyd olunub ki, son 3 il ərzində Laçın-Xankəndi yolunda baş verən hadisələr ermənilər tərəfindən “blokada”, “etnik təmizləmə”, “humanitar böhran” terminləri altında fəal təbliğ olunub. Vurğulanıb ki, Azərbaycanın hər zaman beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsinə baxmayaraq, bu müddətdə Ermənistana dəstək verən ölkələrin sayı az olmayıb. Təhlildə həm ermənilərin törətdiyi cinayətləri, həm də “blokada” məsələsinin yalan olduğunu sübut edən faktlar öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, təhlilin ilk fəslində ermənilərin Qarabağda qeyri-qanuni iqtisadi əməliyyatları və nəticədə ekoloji mühitə vurulan zərər haqqında məlumat verilib. Burada həm də ekofəalların etiraz aksiyalarına səbəb olan hadisələr göstərilib. Həmin etiraz aksiyaları ermənilər tərəfindən “blokada” kimi təqdim olunsa da, təhlildə bunu təkzib edən faktlar yer alıb.
Təhlilin növbəti fəslində Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından əvvəl Ermənistandan Qarabağa qeyri-qanuni yolla daşınan silah-sursat haqqında məlumatlar təqdim olunur. Bu qanunsuz fəaliyyəti sübuta yetirən vizual faktlar də təhlilə əlavə edilib. Hərbi cinayətlərin qarşısını almaq üçün Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması və ermənilərin buna kəskin reaksiyası ilə bağlı informasiyalar da təhlilə daxil edilib.
Sənəddə Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş həm cari ilin aprel-sentyabr aylarında Ermənistandan Azərbaycana və Azərbaycandan Ermənistana keçən şəxslərə dair statistik məlumat, həm də yoldan istifadənin məhdudlaşdırılmasına gətirib çıxaran cinayətlərə dair məlumatlar öz əksini tapıb.
Hesabatda Ermənistanın müraciətinə cavab olaraq 2023-cü il avqustun 16-da BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qarabağdakı vəziyyətlə bağlı müzakirələrin aparılması və iclasın sonunda heç bir sənədin qəbul edilməməsi də vurğulanıb. Təhlilə, eləcə də ermənilərin “humanitar böhran” şəraitində toy və şənlikləri təşkil etməsinə dair fotoşəkillər əlavə olunub.
Yekun hissədə Azərbaycanın regionda sülhün bərqərar edilməsinin tərəfdarı və reinteqrasiya proseslərinə hazır olduğu bildirilib.