Larisa Moşetova: Mənim yetkin elmə gəlişim Zərifə xanım Əliyevanın sayəsində olub
Bakı, 29 aprel, AZƏRTAC
Zərifə xanım Əliyeva Azərbaycan xalqının böyük qızı, görkəmli alim, gözəl pedaqoq və çox savadlı klinikaçı idi. O, çox müdrik rəhbər idi, iş prosesini təşkil etməyi bacarırdı, hər bir əməkdaşa ləyaqətlə yanaşırdı, gənclərlə yaxşı iş aparırdı. Zərifə xanım əla leksiyalar oxuyur, maraqlı məruzələr hazırlayırdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiyanın diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının rektoru, Rusiya Federasiyasının Əməkdar həkimi, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Larisa Moşetova söyləyib.
Rusiyanın Əməkdar həkimi Zərifə Əliyeva ilə ilk görüşündən bəhs edib. O deyib: “Onunla gənc oftalmoloq olduğum zaman tanış olmuşam, həmin vaxt yenicə namizədlik dissertasiyası müdafiə etmişdim. Biz birlikdə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrası və Bakı Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrası oftalmoloqlarının birgə kadr hazırlığını aparırdıq. İki dost kafedra, onların bir-biri ilə ünsiyyətdə olan və birlikdə dissertasiya hazırlayan iki rəhbəri - professor Nina Şulpina və Zərifə xanım”.
Zərifə xanımın həmkarı onun elmi tədqiqatlarına da toxunub: “O, həqiqətən istedadlı alim idi. Bunu onun yaratdığı laboratoriya və traxoma ilə bağlı tədqiqatları əsasında söyləmək olar. Zərifə xanım Azərbaycanda bu problemi kökündən həll etdi və namizədlik dissertasiyası müdafiə edərək son nöqtəni qoydu. O, bu gün çox aktual olan sənaye oftalmologiyasında sosial gigiyenanın inkişafını da nəzərdə tuturdu. Zərifə xanım respublikaya yaxın və lazım olan istiqamətləri - kimya, şin istehsalı, neft hasilatı və elektronika sahələrini götürdü. İndi onun tələbələri görkəmli alimin başlatdığı fəaliyyəti davam etdirir”.
Larisa Moşetova qeyd edib ki, Zərifə Əliyeva pasiyentlərə böyük sevgi və hörmətlə yanaşırdı. O əlavə edib: “Mən Zərifə xanımın bütün danışıqlarına məmnunluqla qulaq asır, onun ağır xəstəliyi pasiyentə çatdırmaq bacarığını, xəstələrə münasibətini görürdüm. O, mənim üçün çox şey edib. Mənim yetkin elmə gəlişim onun sayəsində olub. “Oftalmologiyanın nə olduğu”, “bu işlə necə məşğul olmaq və onu sevmək” məfhumlarını ondan öyrəndim. Çox təəssüf ki, o, indi bizimlə deyil, Zərifə xanım hələ çox işlər görə bilərdi. Lakin o, elə bir bünövrə qoyub gedib ki, ondan hələ bir çox gələcək nəsillər istifadə edəcək. Zərifə xanım bir çoxlarına həyata vəsiqə verən insandır və özündən sonra işıqlı xatirə qoyub”.
L.Moşetova Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi münasibətilə tədbirlərdə iştirak üçün dəvətə görə təşəkkürünü bildirib.