LATVİYA RESPUBLİKASININ PREZİDENTİ VAYRA VİKE-FREYBERQA AZƏRBAYCANA RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR
Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Latviya Prezidenti Vayra Vike-Freyberqanı və həyat yoldaşı İmants Freyberqsi Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Latviya rəhbərinə və yoldaşına gül dəstələri təqdim etdilər.
Qarşılanma mərasimindən sonra Latviya Prezidenti xanım Vayra Vike-Freyberqa ilə Azərbaycanın Baş naziri Artur Rasizadə arasında qısa protokol görüşü oldu.
Latviya Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha yola düşdü.