LAYİHƏNİN MƏQSƏDİ ƏTRAF MÜHİTƏ DAİR QƏRARLARIN QƏBUL EDİLMƏSİNDƏ İCTİMAİYYƏTİN İŞTİRAKI TƏCRÜBƏSİNİ YARATMAQDIR
Aprelin 10-11-də Mingəçevir şəhərində yerli hakimiyyət orqanlarının və bələdiyyələrin 15 nəfər vəzifəli işçisi, elə o qədər də vətəndaş cəmiyyətinin nümayəndələri üçün yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Mingəçevir şəhərində bərk tullantıların idarə olunması Planının hazırlanması və qəbul edilməsində ictimaiyyətin iştirakı” mövzusunda treninqlər keçirməkdir.
“Bərk tullantıların idarə olunması Planı” Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı tərəfindən yaradılan ictimaiyyət nümayəndələrinin də daxil olduğu işçi qrupu tərəfindən hazırlanmışdır.
Treninqin məqsədi yerli ekoloji planların hazırlanması və qəbul edilməsində ictimaiyyətin iştirakının təmin edilməsi, müvafiq hüquqi əsasların öyrənilməsi, Azərbaycanda açıq cəmiyyətin inkişafı məqsədi ilə yerli hakimiyyət orqanlarının ictimaiyyətlə konkret iş təcrübəsi əldə etməsi, idarəçilikdə şəffaflığın artırılmasıdır.
“Şərqi Avropa və Cənubi Qafqazda ekoloji informasiya, təhsil və ictimaiyyətin məlumatlandırılması” layihəsi BMT Avropa İqtisadi Komissiyasının “Ətraf mühitə dair məsələlərdə informasiya əldə etmə, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət mühakiməsinin mümkünlüyü haqqında” Konvensiyasının həyata keçirilməsinə yönəlmişdir. Bu Konvensiya 1998-ci ildə Orxus (Danimarka) şəhərində qəbul edilmişdir. Azərbaycan 2000-ci ilin mart ayından Konvensiyaya qoşulmuşdur. Bu nadir Konvensiya vətəndaşlara informasiya almaq və hakimiyyət orqanları tərəfindən qərarların qəbul edilməsində iştirak etmək hüququ verir. O, habelə dövlət orqanlarının Konvensiya müddəalarına əməl etmədiyi halda ictimaiyyətə məhkəməyə müraciət etmək imkanı da verir.