Lənkəran Regional Sınaq Laboratoriyasında yeni bölmə yaradılıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Lənkəran Regional Sınaq Laboratoriyasında (LRSL) bitki sağlamlığı ilə bağlı müayinələr aparmaq üçün Virusologiya (molekulyar biologiya) bölməsi yaradılıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafının təmin olunması məqsədilə institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd olunub ki, həyata keçirilən tədbirlər çərçivəsində Lənkəran Regional Sınaq Laboratoriyasında (LRSL) bitki sağlamlığı ilə bağlı müayinələr aparmaq üçün Virusologiya (molekulyar biologiya) bölməsi yaradılıb. Müasir cihazlarla təchiz edilmiş bölmədə artıq Polimeraz Zəncir Reaksiyası (PZR) metodu ilə bitkiçilik məhsullarında virusların və bakteriyaların molekulyar bioloji üsulla təyini üzrə müayinələrin həyata keçirilməsinə başlanılıb. Bununla da Lənkəranda ölkədən ixrac olunan və respublikaya gətirilən bitkiçilik məhsulları nümunələrinin analizlərinin aparılması və nəticələrin təqdim olunması prosesi təşkil edilib.
Məlumata görə, LRSL-də qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, eyni zamanda, heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası aparılır. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya attestatına əsasən, AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub.