Lənkəran teatrı Biləsuvarda “Haqqın 44 günü” tamaşası ilə çıxış edib
Lənkəran, 26 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrının truppası “Haqqın 44 günü” tamaşası ilə Biləsuvarda qastrol səfərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək, rəhbərlik etdiyi kollektivin "Şuşa İli" çərçivəsində bir sıra layihələr üzərində çalışdığını bildirib, təqdim olunan tamaşanın da bu layihənin tərkib hissəsi olduğunu qeyd edib.
Sonra tamaşaya baxış olub.
Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu bu səhnə əsərinə rayonun icra strukturlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı, Qarabağ qaziləri də tamaşa ediblər.
Alqışlarla qarşılanan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları teatrın gənc aktyor və aktrisalarından Gülər Kərimova, Səyyad Əliyev, Emil Rzayev, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbasova ifa ediblər.