REGİONLAR
LƏNKƏRAN XƏBƏRLƏRİ
ÇAY YARPAĞI YIĞILIR
Subtropik rayonlarımızda yaşıl çay yarpagı yığımı başlanmışdır. Lənkəranda 600, Astarada 240 ton məhsul tədarük olunmuşdur. Təzə məhsul Lənkəranın emal müəssisələrində qəbul olunur. Təhvil verilən məhsulun pulu əməkçilərə dərhal yerindəcə ödənilir. “Lənkəran-çay” ATSC, Hirqan ATSC, “Lənkəran-ETA” birgə müəssisəsi, 1 nömrəli çay emalı və istehsal müəssisəsi artıq tonlarla yüksək keyfiyyətli təzə quru çay hazırlamışlar.
ÇƏLTİK ƏKİNİ DAVAM EDİR
Uzunmüddətli leysan yağışlarının vurduğu zərərləri aradan qaldırmağa çalışan Lənkəran çəltikbecərənləri işə yeni qüvvə ilə girişmişlər. Əvvəlki plantasiyalar qismən bərpa olunur. Təkrar əkinlər keçirilir, əlavə hektarlarda yeni çəltik plantasiyası salınır. Xolmili, Şıxakənar, Cil, Şadlaser, Rvo və bir neçə digər kəndin sahibkarları çalışırlar ki, çəltik sahəsini ən azı ötən ilki 470 hektara çatdırsınlar.
HƏQİQƏT RZAYEVA ANILDI
Lənkəran Dövlət Universitetində Azərbaycan musiqi ifaçılığında parlaq iz qoymuş xalq artisti mərhum Həqiqət Rzayevanın xatirə gecəsi keçirilmişdir.
Xatirə gecəsində Həqiqət Rzayevanın həyat yolu, muğam və opera ifaçılığı sahəsindəki fəaliyyətindən, nəcib insanlıq münasibətlərindən geniş söhbət açıldı. Xalq artisti Əminə Dilbazi və başqaları Həqiqət xanımla bağlı xatirələrini danışdılar.
Bəstəkar Azər Rzayev anasının xatirəsini əziz tutanlara, gecəni təşkil edənlərə öz minnətdarlığını bildirdi. Sonda Opera və Balet Teatrının artistlərinin, Lənkəranın musiqi məktəblərinin özfəaliyyət kollektivlərinin iştirakı ilə könsert oldu.