Lənkəranda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib
Lənkəran, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 19-da Lənkəran Şəhər İcra Hakimiyyətində ümumxalq hüzn günü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə keçirilən görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar hadisələrinin milli azadlıq hərəkatının zirvəsi olduğunu qeyd edərək bu hadisələr zamanı şəhid olmuş insanların qəhrəmanlığından danışıb.
Bildirilib ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb.
T.Qaraşov çıxışında Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini və Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə 20 Yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb.
Görüşdə çıxış edən 20 Yanvar şəhid ailələrinin üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə maddi yardımlar edilib.