Lənkəranda "The müqəssir" tamaşasının premyerası keçirilib
Lənkəran, 18 sentyabr, İ.Cəfərli, AZƏRTAC
Lənkəran Dövlət Dram Teatrı özünün 133-cü mövsümünə başlayıb. Lənkəran Dövlət Dram Teatrının səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” pyesi əsasında hazırlanan “The müqəssir” tamaşasının premyerası olub. Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, tamaşada rus yazıçısı Mixail Bulqakovun və azərbaycanlı gənc müəllif Samir İmanovun mətnlərinə də yer verilib. Sürreal komediya janrında olan səhnə əsərinin rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Azər Hacıəsgərlidir. Postmodernizmin çalarlarını özündə daşıyan səhnə əsəri tamaşaçıların böyük marağına səbəb olub. Əsərdə kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.
Gənc rejissor Abdulla Elşadlının debüt tamaşası olan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, artistlər Saleh Əzimzadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Teymur Hacızadə, Vəfa Hacızadə və Günel Abbaszadə canlandırıblar. Maraqla qarşılanan tamaşanın bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Güli Süleymanlıdır.
Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrı bu mövsümdə Çingiz Aytmatovun “Cəmilə”, Piter Turininin “Bu da axırı” tamaşalarını tamamlamaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “İki 23 arasında” səhnə işini də teatrsevərlərin ixtiyarına verəcək.