Lənkəranda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyətləri müəyyənləşib
Lənkəran, 31 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 31-də Lənkəran rayonunun Gərmətük kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan altı nəfərin şəxsiyyətləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 99-BJ-224 dövlət nömrə nişanlı "Shacman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində Ləj kəndindən olan bir ailənin altı üzvü - Faiq, Fikrət, Namiq, Xanımgül, Mərziyyə və Məsmə Aslanovlar həlak olublar. Həmçinin 7 yaşlı Ülvi Aslanov və yük maşınının sürücüsü, Lerik rayon sakini Natiq Cəfərov xəsarət alıblar.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri həlak olanların cəsədlərini deformasiyaya uğramış “Mitsubishi” markalı avtomobildən xüsusi avadanlıq vasitəsilə çıxarıblar.
Xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.