Lənkəranda Soyqırımı gününə həsr olunmuş videokonfrans keçirilib
Lənkəran, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videokonfrans keçirilib.
Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı 1918-ci il 31 mart soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğu bildirilib. Bu hadisənin xalqımızın tarixi yaddaşında əbədi və silinməz yer tutduğu, mənfur bolşevik-daşnak qüvvələri tərəfindən törədilən soyqırımı zamanı on minlərlə insanın həlak olduğu diqqətə çatdırılıb.
Çıxış edənlər, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırımı qurbanları və şəhidlərimizin qisasının alındığını qeyd ediblər.