Lens Stroll: Ötən il Bakıda Formula 1-in qalibi ola bilərdim
Bakı, 21 aprel, AZƏRTAC
Ötənilki Formula 1 Azərbaycan Qran-Prisindən söz açan “Williams” pilotu Lens Stroll deyib ki, əgər Daniel Rikkardonun cəsarətli ötməsini vaxtında sezsəydi, o, sadəcə podiuma çıxmaqla kifayətlənməz, hətta yarışların qalibi də ola bilərdi.
AZƏRTAC “motorsport.com”a istinadla xəbər verir ki, ötən il Bakıdakı Qran-Pri yarışlarında Lens Stroll Lyuis Hamilton və Sebastyan Fettelin ardınca üçüncü yerdə gedirdi. Bu məqamda Daniel Rikkardo ilk döngədə bir tormozlama ilə onu, habelə Niko Hülkenberqi və Felipe Massı arxada qoydu. Nəticədə bu manevr “Red Bull” pilotuna qələbə gətirdi, Stroll isə Valtteri Bottasdan da geridə qalaraq, finişə üçüncü çatdı.
Stroll hesab edir ki, əgər ötmə anında özünü inamlı aparsaydı, qələbə onun olacaqdı. “O hadisələri indi təhlil etdikdə, mənə elə gəlir ki, qələbə qazana bilərdim. Əgər Rikkardonun belə məsafədən bu cür manevrə qərar verəcəyi ağlıma gəlsəydi, elə birinci döngədə ondan daha fəal müdafiə oluna bilərdim. Mən təkrar startda hamının rastlaşdığı bir çox halları, şinlərin soyuması nəticəsində çıxan problemləri də göz önünə alaraq və onun yaxında olduğundan şübhələnmədiyimdən, əyləci erkən basdım. Sonra güzgüdə kiminsə arxadan gəldiyini gördüm. Aydın oldu ki, müdafiə olunmaq artıq gecdir və dönüş etmədim, əks halda qəza vəziyyətinə səbəb ola bilərdim. Bir sözlə, mən gecikdim”, - deyə Lens Stroll əlavə edib.
Sonda Lens deyib: “Mən yəqin etmişdim ki, onu geridə saxlaya bilərik, çünki onların (“Red Bull”) müəyyən problemləri vardı. Mühəndisim mənə bildirmişdi ki, onlarda gah mühərrikin soyuması, gah da başqa problemlər yaranıb. Ona görə onlara nəyin bahasına olursa-olsun bizi ötmək lazım idi. Üstəlik, düz yolda bizim əla sürətimiz var idi”.