CƏMİYYƏT
Lerik rayon sakininin meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı araşdırmalar aparılır

Bakı, 22 iyul, AZƏRTAC
İyulun 21-də saat 14 radələrində Lerik rayonunun Kekoni kənd sakini Səxavət Alışovun meşədə ağac kəsərkən xəsarət alaraq ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Lerik Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1985-ci il təvəllüdlü Səxavət Alışovun qonşuları ilə birlikdə meşədə ağac kəsərkən ağac parçasının baş nahiyəsinə dəyməsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi müəyyənləşdirilib.
Hazırda faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma davam etdirilir.