LİTVA PREZİDENTİNİN XANIMI ALMA ADAMKİENE NİZAMİ RAYONUNDAKI 1 NÖMRƏLİ UŞAQ EVİNDƏ OLMUŞDUR
Milli geyimli oğlan və qız hörmətli qonağa gül-çiçək dəstəsi təqdim etdilər.
Xanım Adamkiene görkəmli siyasi xadim Heydər Əliyevin bu təlim-tərbiyə ocağının foyesindəki büstü önünə tər qərənfillər düzdü.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov qonağa məlumat verərək bildirdi ki, valideyn himayəsindən məhrum olan 120 uşağın təlim-tərbiyə aldığı bu uşaq evi və respublika paytaxtında yerləşən digər 23 uşaq evi və internat məktəbi Fondun təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində yenidən qurulmuş, müasir avadanlıqla təmin olunmuş, yeniləşmiş proqramla işləməyə başlamışdır. Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva son illər 3 dəfə bu uşaq evində olmuşdur.
Xanım Adamkiene uşaq evinin qrup, yataq, kompyuter otaqlarına, idman salonuna, üzgüçülük hovuzuna, tibb kabinetinə baxdı, rəsm, tikiş dərnəklərində məşğul olan uşaqların əl işlərinə tamaşa etdi, yeməkxana və mətbəxdəki şəraitlə də maraqlandı. Uşaq evinin “Azəri” qrupunun ifa etdiyi milli və bal rəqsləri qonağa xoş təsir bağışladı.
Litva Prezidentinin xanımına uşaqların əl işi olan hədiyyə təqdim edildi. Bunu əziz xatirə kimi saxlayacağını bildirən xanım Alma Adamkiene məktəbin direktoru Nərminə Zöhrabovaya öz hədiyyəsini təqdim etdi, burada gördüklərindən razı qaldığını vurğuladı.
Xanım Alma Adamkiene uşaqlar və tərbiyəçi müəllimlərlə xatirə şəkli çəkdirdi.