Livan Prezidenti siyasi qrupları kompromisə çağırıb
Qahirə, 15 oktyabr, AZƏRTAC
Livanda oktyabrın 14-də Beyrutda baş vermiş atışma nəticəsində həlak olanların xatirəsi anılır. Prezident Mişel Aunun sərəncamı ilə bu gün ölkədə rəsmi matəm elan edilib.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, faciə ilə əlaqədar xalqa müraciət edən Livanın dövlət başçısı deyib: “Zamanı geri qaytarmaq olmaz. Biz geriyə - münaqişələrə deyil, irəliyə - sabitliyə doğru getməliyik. Livanlılar bir-biri ilə silahla danışmağa başlasalar, o zaman faciələrdən də qurtulmaq mümkün olmayacaq”.
Matəm günündə Prezident Aun Livanın ədliyyə naziri Henri Hurini də qəbul edib. Dövlət başçısı 2020-ci il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışın istintaqı üzrə yeni hakim və müstəntiqlərin təqdimatını təsdiq edib. O, həmçinin fəaliyyəti etirazlara səbəb olmuş təhqiqat qrupunun sabiq rəhbəri Tarik Bitər ilə görüşməsi barədə feyk xəbərləri təkzib edib.
Livan əsgərləri Tayuneh-Bədara bölgəsində etiraz yürüşü iştirakçılarına atəş açan 9 nəfəri həbs edib. Ordunun nümayəndəsi bildirib ki, mərkəzi meydanda əlində silah olan hər kəsə xəbərdarlıq edilmədən atəş açılacaq.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə