Liviyanın Baş naziri və Prezident Şurasının üzvləri müəyyən edilib
Qahirə, 6 fevral, AZƏRTAC
Liviyada münaqişə tərəfləri arasında BMT-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən danışıqlarda keçici hökumətin başçısı və Prezident Şurasının üzvləri müəyyən edilib. Onlar dekabrın 24-də keçiriləcək ümumxalq seçkilərinə qədər olan müddətdə ölkəni idarə edəcəklər.
AZƏRTAC xəbər verir ki, Cenevrə danışıqlarında Liviya Siyasi Dialoq Forumunun 74 üzvü siyasətçi və iş adamı Məhəmməd Dbeibahın Baş nazir, şərq, cənub və qərb əyalətlərinin üç təmsilçisinin isə Prezident Şurasının üzvləri seçilməsi barədə razılıq əldə ediblər.
BMT-nin Baş katibi Antonio Quterreş Liviya və region üçün bu əlamətdar hadisə ilə bağlı bəyanat verərək bildirib ki, 2011-ci ildən silahlı münaqişənin davam etdiyi bu ölkədə atəşkəsə nail olunması və yeni hökumətin formalaşdırılması gələcəyə nikbin baxmağa əsas verir. O əlavə edib ki, Liviyada münaqişə tərəflərini dəstəkləyən xarici güclər davamlı sülhün və sabitliyin təmin edilməsinə yardım etməli, öz əsgərlərini Tripoli və Benqazidən çıxarmalıdır.
BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Stefanie Vilyams isə bildirib ki, indi əsas hədəf bu ilin sonunda keçiriləcək seçkilərdir. O, tərəfləri əldə olunmuş razılaşmaya hörmətlə yanaşmağa, yeni hökumət və Prezident Şurasının üzvlərini 42 saat müddətində parlamentdə təsdiq etməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə