Lüksemburqda hökumət koronavirusun yaratdığı böhrandan çıxmaq strategiyasını açıqlayıb
Lüksemburq, 18 aprel, AZƏRTAC
Lüksemburqda hökumət COVID-19 epidemiyasının yaratdığı böhrandan çıxmaqla bağlı strategiyanı təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Lüksemburqun Baş Naziri Ksavye Bettel və Səhiyyə naziri Polet Löner hökumətin strategiyasına dair məlumat veriblər.
Bildiriblər ki, böhrandan çıxmaq 3 mərhələdə - aprelin 20, mayın 4 və mayın 11-də həyata keçiriləcək. Tibbi maska və insanlar arasında 2 metrlik məsafə saxlamaq məcburi qayda olaraq tətbiq ediləcək. Baş Nazir bildirib ki, ölkədə 7-8 milyon maska ehtiyatı var və maska taxmayanlar cərimə olunacaqlar.
Aprelin 20-də başlayacaq ilkin mərhələdə tikinti sahələrində işlər bərpa ediləcək, brikolaj mağazalar açılacaq.
Mayın 4-də başlayacaq ikinci mərhələdə liseylər açılacaq və əvvəlcə 1-ci və 13-cü sinif şagirdləri dərsə başlayacaqlar.
Ksavye Bettel vəd edib ki, mayın 11-də nəzərdə tutulan üçüncü mərhələdə ticarət mərkəzləri və restoranların açılmasına baxılacaq.
İqtisadiyyat və maliyyə nazirlərinə həvalə edilib ki, iflasla üzləşən müəssisələrə yenidən yardım edilməsini təşkil etsinlər. Üçüncü mərhələdə mayın 25-dən etibarən bütün məktəblər, uşaq bağçaları və körpələr evləri yenidən qapılarını açacaq. Bununla belə bu tarix tam normal həyata qayıtmanı əks etdirmir, çünki iyulun 31-ə qədər bütün kütləvi tədbirlər, eləcə də iyunda Milli Bayram ləğv edilib.
Səhiyyə naziri bildirib ki, bu qərarlar aidiyyəti sahələr üzrə mütəxəssislərlə aparılmış əsaslı elmi təhlillərə və monitorinqdən əldə edilmiş məlumatlara əsaslanır. O, xəstəxanalarda 200 xəstənin, intensiv müalicədə isə 33 xəstənin olduğunu diqqətə çatdırıb. “Rəqəmlər danışır. Yoluxma sayında azalma müşahidə olunur, göstərdiyimiz səylər öz bəhrəsini verir ”,-deyə P. Löner qeyd edib.
Vurğulanıb ki, COVID-19 virusu çox ciddi, ağır xəstəlikdir və epidemiyanın 2-ci dalğasına yol verməmək üçün sakinlər epidemiya ilə bağlı qəbul edilmiş qaydalara ciddi şəkildə riayət etməkdə davam etməlidirlər.
Xatırladaq ki, Lüksemburqda epidemiya başlayandan COVID-19 virusuna yoluxanların sayı 3480, sağalanların sayı 579 və ölənlərin sayı isə 72 -yə çatıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq