Macarıstan kosmonavtlarının sayını artırmaq istəyir
Budapest, 13 avqust, AZƏRTAC
Bertalan Farkaş əfsanəvi macar kosmonavtıdır. AZƏRTAC onun ötən il ölkəmizin Budapeştdəki səfirliyində (https://azertag.az/ru/xeber/1291162) azərbaycanlı tələbələrlə görüşməsi və bizim agentliyə (https://azertag.az/ru/xeber/114641) müsahibə verməsi barədə yazmışdı.
Bertalan Farkaş bu günədək Macarıstanın ilk və yeganə kosmonavtı hesab olunur. Görünür, artıq Bertalanın vətəni kosmosu fəth edənlərin sayını artırmağa hazırlaşır.
Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartonun sözlərinə görə, hökumət bununla bağlı uzunmüddətli elmi layihəyə start verib. Macar astronavtının Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi 2020-ci illərin ortalarına planlaşdırılır.
“Biz kosmik tədqiqatlara gələcəyin sənaye potensialı müstəvisindən yanaşırıq. Macarıstanın hazırkı böhrandan çıxmasına yardım edilməsi üçün kosmik tədqiqatlara strateji iqtisadi proqram çərçivəsində xüsusi rol ayrılıb. Qeyd edək ki, bununla bağlı əhəmiyyətli maliyyə vəsaiti müvafiq sahədə aktiv fəaliyyət göstərən müəssisələrin hesabına köçürülüb”, - deyə Siyarto bəyan edib. O bildirib ki, hazırda hökumət üç böyük layihə üzərində işləyir, onlardan ikisi elmi peykin kosmosa göndərilməsini, üçüncüsü isə Beynəlxalq Kosmik Stansiyada quraşdırılacaq bort ölçü sisteminin işlənib hazırlanmasını nəzərdə tutur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapest