MACARISTAN PARLAMENTİNİN SƏDRİ MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Macarıstan Parlamentinin sədri xanım Katalin Sili sentyabrın 6-da Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Qonağa məlumat verilmişdir ki, 1920-ci ildə yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanmışdır. 1895-1897-ci illərdə tikilmiş və Bakının memarlıq abidələrindən sayılan bu bina Azərbaycan milyonçusu, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Muzeydə Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.
Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Xanım Katalin Sili orta əsr Azərbaycan əhalisinin məişətdə işlətdiyi əşyalara xüsusi maraq göstərmişdir.
Qonağa məlumat verilmişdir ki, 130-dan çox işçisi olan muzey həm də Milli Elmlər Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş və yeni görkəm almışdır.
Qonaq muzeydən xoş və zəngin təəssüratlarla ayrılmışdır.
######
